Gəncədə cari ilin əvvəlindən bir neçə dəfə asfalt örtüyü çəkilən Cavad Rəfibəyli küçəsində yenidən abadlıq işlərinə başlanılıb. Qısa müddət ərzində yararsız vəziyyətə düşən yolun ayrı-ayrı sahələri təkrar bərpa olunur.
Gencexeber.az-ın məlumatına görə, 2026-cı ilin əvvəlindən etibarən küçədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qazax rayonu 28 №-li Yol İstismar MMC-si tərəfindən yol-təmir işləri həyata keçirilib. Lakin aparılan təmirin keyfiyyəti gözləntiləri doğrultmayıb və sakinlərin haqlı narazılığına yol açıb.
Belə ki, asfaltlama işlərinin tələsik görülməsi nəticəsində yolun bir sıra nöqtələrində çökmələr və deformasiyalar meydana gəlib. Nəticədə ərazidə həm piyadaların, həm də avtomobillərin hərəkəti çətinləşib.
Hazırda adıçəkilən MMC-yə məxsus işçi qüvvəsi və xüsusi texnika əraziyə yönləndirilib. Əvvəlki təmirdən sonra yaranan iri çalalar, yarğanlar və dağılmış hissələr aradan qaldırılır.