Azərbaycan Hərbi Hava Qüvvələrinin formalaşmasında mühüm xidmətləri olmuş təcrübəli hərbi pilot Aleksandr Pleşa vəfat edib.
Gencexeber.az xəbər verir ki, Azərbaycan Hərbi Hava Qüvvələri və Havadan Müdafiə Qoşunları komandanının sabiq müavini ömrünün son illərini yaşadığı Şəmkir rayonunda dünyasını dəyişib.
Əslən ukraynalı olan Aleksandr Pleşa 1992-ci ildə könüllü olaraq Rusiya ordusundakı xidmətini dayandırıb və yeni formalaşan Azərbaycan Milli Ordusunun sıralarına qoşulub. O, Birinci Qarabağ müharibəsi dövründə Şəmkir aerodromunda yerləşən 882-ci Aviasiya Alayının komandir müavini vəzifəsində xidmət edib, Qarabağ istiqamətində gedən döyüş əməliyyatlarında iştirak edib.
Aleksandr Pleşa Azərbaycan Hərbi Hava Qüvvələrinin yaradılmasında, həmçinin Dəllər və Şəmkir aerodromlarında yerləşən sovet hərbi təyyarələrinin Azərbaycan Ordusunun tabeliyinə verilməsində mühüm rol oynayıb. Xidmətləri nəzərə alınaraq o, Müdafiə Nazirliyində Hərbi Hava Qüvvələri və Havadan Müdafiə Qoşunları komandanının müavini vəzifəsinə təyin edilib.