Bu gün Mingəçevirdə Kür çayında "Kürü keçək?! 5" açıq suda üzmə yarışı keçiriləcək.
Gencexeber.az bildirir ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Sağlam həyat tərzinin və su idman növlərinin təbliği məqsədilə təşkil olunan yarış bu il rekord sayda iştirakçını bir araya gətirib. Belə ki, ümumilikdə 616 nəfər mübarizəyə qatılacaq. İştirakçılar arasında ən gənc üzgüçünün 12, ən yaşlı iştirakçının isə 79 yaşı var.
Bu il yarış ilk dəfə iki məsafə üzrə keçiriləcək. İştirakçılardan 111-i 1000 metr, 505-i isə 350 metr məsafədə üzəcək.
Kişilər və qadınlar arasında 6 yaş kateqoriyası üzrə təşkil olunan yarışda hər kateqoriyada ilk üç yeri tutan iştirakçılar mükafatlandırılacaqlar.
Yarışa saat 13:00-da start veriləcək.