Azərbaycanda dağ-mədən və metallurgiya sənayesi üzrə illik ixrac potensialının 2025-ci ilin orta dünya qiymətləri əsasında təqribən 2 milyard ABŞ dollarına çatdırılması nəzərdə tutulur.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün "Dövlət Proqramı"nda əksini tapıb.
Dövlət Proqramına əsasən, sahədə yeni istehsal güclərinin yaradılması və emal və metallurgiya müəssisələrinin istismara verilməsi planlaşdırılır. Bu çərçivədə Daşkəsən dəmir filizi layihəsi üzrə Zənginləşdirmə zavodu, Pellet istehsalı zavodu və isti briketləşdirilmiş dəmir (İBD) istehsalı zavodunun, "Baku Steel Company" QSC-nin yeni yayma zavodunun, "Azəralüminium" MMC-nin Gəncə şəhərində elektroliz zavodunun, texniki-iqtisadi əsaslandırma əsasında Kalsinasiya və anodbişirmə zavodunun, həmçinin "Söyüdlü" (Zod) yatağı üzrə flotasiya zavodunun yaradılması nəzərdə tutulur.
Sənəddə müvafiq sahəyə xarici investisiyaların cəlb edilməsi və yaradılması planlaşdırılan istehsal gücləri hesabına sektorda yaradılan əlavə dəyərin iki dəfədən çox artırılması da hədəf kimi müəyyənləşdirilib.