Xəbər verdiyimiz kimi, Gəncə şəhərindən keçən Gəncəçayın məcrası ciddi şəkildə zibillənir.
Gencexeber.az-ın təqdim etdiyi videogörüntülərdə yük maşınının sürücüsünün çayın məcrasını məişət və digər tullantılarla çirkləndirdiyi əks olunub. Bu əməl Gəncəçayın şəhərin Azərbaycan Bayrağı küçəsindən keçən hissəsində törədilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov tərəfindən redaksiyamıza verilən məlumata əsasən, sözügedən görüntü ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılıb. Yük avtomobilinin sürücüsü Ş.Məmmədovun olması müəyyən edilib və o, ərazi üzrə polis orqanına dəvət olunub.
Sürücü ilə profilaktiki söhbət aparılıb və barəsində inzibati protokol tərtib edilib. Ş.Məmmədov 300 manat məbləğində cərimə olunub.