Gəncədə avtobusda bilet üzrə sərnişinə ayrılmış yerlərlə bağlı narazılıq yaranıb.
Gencexeber.az-a müraciət edən sərnişinin sözlərinə görə, yaxınları üçün bilet almaq məqsədilə Gəncə Beynəlxalq Avtovağzal Kompleksinin kassasına müraciət edib. Orada avtobusun ön hissəsindəki yerlərin dolu olduğu bildirildiyindən Gəncə-Bakı istiqamətində hərəkət edən, 77-JF-411 dövlət qeydiyyat nişanlı MAN markalı sərnişin avtobusuna 9, 10 və 12-ci yerlərə üç bilet alınıb.
Sərnişin avtobusa mindikdən sonra bilet üzrə onlara ayrılmış yerlərdə əyləşmək istəyərkən ön hissədəki bütün yerlərin boş olduğunu görüb. Həmçinin onun sözlərinə görə, biletim.аz onlayn satış sistemində də həmin yerlər boş göstərilib.
Narazılığın digər səbəbi isə 12-ci yerə başqa sərnişinin əyləşməsi olub. Bilet üzrə həmin yerin onlara aid olduğu bildirildikdə, həmin şəxsdən 11-ci yerdə əyləşməsi xahiş edilib. Sərnişinin iddiasına görə, bu zaman sürücü və köməkçisi digər şəxslərin qarşısında onu ələ salıb.
Vətəndaşın sözlərinə görə, sürücü sərnişinlərə qarşı aqressiv münasibət göstərərək "yer davası etməyin, kim harada istəyir əyləşə bilər" deyib.
Sərnişin yerlərin müəyyənləşdirilməsi və kassada verilən məlumatların düzgünlüyü ilə bağlı cavabdeh əməkdaşların, eləcə də sürücülərin davranış qaydalarına riayət etməsinin araşdırılmasını xahiş edir.
Məsələ ilə bağlı redaksiyamız tərəfindən Gəncə Beynəlxalq Avtovağzal Kompleksinə sorğu ünvanlanıb.