Azərbaycanda ali təhsil almaq istəyən abituriyentlər üçün universitet seçimi zamanı nəzərə alınan əsas meyarlardan biri də təhsil haqqıdır.
Xüsusilə özəl universitetlərdə və bəzi prestijli dövlət ali məktəblərində illik ödənişlər minlərlə manat təşkil edir.
Bəs ölkənin ən bahalı universitetləri hansılardır?
Araşdırmaya əsasən, Azərbaycanda illik təhsil haqqının ən yüksək olduğu ali təhsil müəssisəsi ADA Universitetidir. Burada bakalavriat proqramları üzrə təhsil haqqı ixtisasdan asılı olaraq 6 000-8 000 manat arasında dəyişir.
Siyahıda ikinci yerdə Azərbaycan Tibb Universiteti qərarlaşır. Universitetdə "Müalicə işi", "Stomatologiya" və digər bəzi ixtisaslar üzrə illik təhsil haqqı 5 000-6 500 manat təşkil edir.
Xəzər Universitetində isə təhsil haqları əsasən 4 000-5 000 manat arasında dəyişir.
Bakı Ali Neft Məktəbində "Biznesin idarə edilməsi" və "Maliyyə" ixtisaslarında illik təhsil haqqı 4 500 manat müəyyən edilib.
Azərbaycanın ən nüfuzlu ali məktəblərindən olan Bakı Dövlət Universitetində "Hüquqşünaslıq" ixtisası üzrə illik təhsil haqqı 4 500 manatdır.
Bundan başqa, Qərbi Kaspi Universitetində bəzi ixtisaslar üzrə illik ödəniş 4 000 manata, Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasında isə bəzi ixtisaslarda 4 000 manata çatır.
Qeyd edək ki, göstərilən məbləğlər ixtisas və təhsil proqramından asılı olaraq dəyişə bilər. Abituriyentlər ixtisas seçimi etməzdən əvvəl universitetlərin rəsmi təhsil haqqı cədvəlləri ilə tanış olmalıdırlar.