Gəncə Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Zakir Kərimovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 2025-ci il Göygöl rayonu, Toğanalı kəndində yerləşən restoranın yaxınlığında baş verib.
Belə ki, Zakir Kərimov həmin vaxt sözügedən restoranın ərazisində tanışı, zərərçəkmiş Baba Yusifovla (adı, soyadı şərtidir) rastlaşıb. O, tanışından əvvəllər borc olaraq verdiyi pulun qaytarılmasını tələb edib. Bu zaman tərəflər arasında mübahisə yaranıb.
Ardınca təqsirləndirilən şəxs özü ilə gətirdiyi, kəsici-deşici alətlə Babanın üzərinə hücum edib.
Hadisədən sonra Zakir Kərimov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Göygöl Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.