Gəncə Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını xüsusi amansızlıqla qəsdən öldürməkdə təqsirləndirilən Arif Hacıyevin cinayət işinin bəzi detalları məlum olub.
Hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
İttihama görə, təqsirləndirilən şəxs ötən il Şəmkir rayonunun Şiştəpə kəndində qısqanclıq zəminində arvadına küçənin ortasında çoxsaylı bıçaq zərbələri endirərək onu azyaşlı oğlunun gözü qarşısında qətlə yetirib.
Belə ki, hadisə günü Şiştəpə kəndində yerləşən "Paşa Məscidi"nin yaxınlığındakı dördyol kəsişməsində ər-arvad qarşılaşıb. Onların arasında əvvəlcə mübahisə yaranıb. Mübahisə zamanı qadın ərinə əlindəki paketlə zərbələr endirib. Bu zaman paketin içərisindən düşən mətbəx bıçağı ilə Arif arvadına çoxsaylı bıçaq zərbələri endirib.
Arif ifadəsində həyat yoldaşının başqa şəxslə yazışmalarını aşkarladığını iddia edib və bu səbəbdən ailədə ciddi problemlər yarandığından boşanmaq üçün məhkəməyə müraciət etdiyini deyib.
Təqsirləndirilən şəxs həmin an özünü idarə edə bilmədiyini və hadisədən sonra polis şöbəsinə gedərək könüllü təslim olduğunu söyləyib. Onun sözlərinə görə, hadisə yerini tərk edərkən həyat yoldaşı və oğlu ev istiqamətində hərəkət ediblər. Sonradan qadının xəstəxanada vəfat etdiyini öyrəndiyini bildirib.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham verilib.
Mənbə: pravda.az