Gəncədə 18 nömrəli marşrut avtobusunun hərəkət intervalı və sərnişin sıxlığı narazılığa səbəb olub.
Gencexeber.az-a müraciət edən onlarla vətəndaşın sözlərinə görə, Cavadxan qəsəbəsi istiqamətində hərəkət edən avtobuslar 30-40 dəqiqədən bir gəlir. Bu səbəbdən nəqliyyat vasitələri xüsusilə şəhər ərazisində həddindən artıq dolu olur və sərnişinlər mənzil başına çatmaqda çətinlik çəkirlər.
Əldə etdiyimiz məlumata görə, hazırda xətt üzrə təxminən 8 ədəd ikiqapılı avtobus fəaliyyət göstərir. Sakinlər problemin həlli üçün 18 nömrəli marşrut üzrə avtobusların sayının artırılmasını və ya mövcud avtobusların üçqapılı avtobuslarla əvəz edilməsini təklif edirlər.
Məsələ ilə bağlı redaksiyamız tərəfindən "BakuBus" MMC-yə sorğu ünvanlanıb.