Gəncənin Cavadxan qəsəbəsi, Sevinc qəsəbəsi və bir sıra küçələrində məişət tullantılarının vaxtında daşınmaması və zibil konteynerlərinin çatışmazlığı ilə bağlı yayılan məlumatlar təkzib edilib.
Gencexeber.az-a Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən (MKTİB) bildirilib ki, Cavadxan qəsəbəsinin Qambay Əlizadə küçəsində zibil konteynerlərinin yerləşdirilməsi üçün bir neçə dəfə cəhd edilsə də, sakinlər onların evlərinə yaxın ərazidə qoyulmasına etiraz edərək götürülməsini tələb ediblər. Bu səbəbdən konteynerlər küçədən bir neçə yüz metr aralıda yerləşdirilib.
Məmməd Xələfov küçəsi 134 ünvanında isə konteynerlərdən təyinatına uyğun istifadə edilməməsi səbəbindən antisanitar vəziyyət yaranıb. Belə ki, sakinlərin məişət tullantıları üçün nəzərdə tutulan qutulara ağac qırıntıları, tikinti-təmir qalıqları və köhnə ev əşyaları atdığı bildirilib.
Habelə Sevinc qəsəbəsinin bir hissəsində və Yusif Məmmədəliyev küçəsi 31 ünvanında da konteynerlərin olmasına baxmayaraq, tullantıların ətrafa səpələnməsinin səbəbi məsuliyyətsiz sakinlərin davranışı ilə əlaqələndirilib.
MKTİB-dən bildirilib ki, qeyd olunan ərazilərdə təmizlik işləri aparılıb, tullantılar toplanaraq poliqona daşınıb və antisanitar vəziyyət aradan qaldırılıb.
Qurum sakinlərə məişət tullantılarını yalnız bunun üçün ayrılmış yerlərə atmağı və yaşadıqları ərazinin təmizliyinin qorunmasına məsuliyyətlə yanaşmağı tövsiyə edib.