Qeyri-Hökümət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və "Prioritet" Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin tərəfdaşlığı ilə Gəncə şəhərində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib.
Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Forumda çıxış edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə heyətinin sədri Aygün Əliyeva bildirib ki, forumun əsas məqsədi yalnız görülmüş işlərin hesabatını vermək deyil, həm də qarşıdakı dövrün çağırışlarını müəyyənləşdirmək, dövlət və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın yeni istiqamətlərini müzakirə etməkdir.
"Agentlik ötən forumdan sonra 21 dövlət proqramı üzrə nəzərdə tutulan 113 tapşırığın icrasında 98,63 faiz nəticə əldə edib", - deyən Aygün Əliyeva hesabat dövründə QHT-lərlə birgə sektorun inkişafı, institusional potensialın gücləndirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlərdən də danışıb.
Diqqətə çatdırılıb ki, gələn il Bakıda BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) məşvərətçi statusuna malik QHT-lərinin forumunun keçirilməsi planlaşdırılır. Həmçinin qarşıdakı dövrdə İslam Əməkdaşlıq Təşkilatı, Asiya və Avropa arasında əməkdaşlıq formatı (ASEM) və Mərkəzi Asiya istiqamətində əlaqələrin inkişafı da nəzərdə tutulur.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə QHT-lərin fəaliyyəti üçün geniş imkanlar yaradılıb. QHT-lər müxtəlif sahələrdə həyata keçirdikləri layihələrlə cəmiyyətin inkişafına öz töhfələrini verirlər.
Digər çıxış edənlər də tədbirin əhəmiyyətindən bəhs edərək, forumun işinə uğurlar arzulayıblar.
"Şəhərsalma və Memarlıq İli"nə həsr edilmiş forumda 400 nəfərdən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edib.
Rəsmi hissədən sonra "QHT-lərin sosial media, rəqəmsallaşma və süni intellekt bacarıqları", "Azərbaycan QHT-ləri milli maraqların keşiyində", "WUF13 irsi QHT təşəbbüslərində" adlı panel müzakirələri keçirilib.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə QHT-lərin müraciəti qəbul olunub.
Forum bədii proqramla yekunlaşıb.
Mənbə: AZƏRTAC