Gəncənin Məhsəti qəsəbəsində telefon xətlərinin keçdiyi dirəyin təhlükəli vəziyyətə düşməsi sakinlərin narahatlığına səbəb olur.
Gencexeber.az-a müraciət edən vətəndaşların sözlərinə görə, 17-ci küçədə 8 saylı evin qarşısında yerləşən dirək bir neçə il əvvəl əyilməyə başlayıb. Hazırda isə onun vəziyyəti daha da təhlükəli hal alıb.
Onların sözlərinə görə, həmin ərazi uşaqların oynadığı, eləcə də insanların intensiv istifadə etdiyi gediş-gəliş yoludur. Bu isə mümkün bədbəxt hadisə riskini artırır.
Vətəndaşlar bildirirlər ki, məsələ ilə bağlı Gəncə Telekommunikasiya Qovşağına (GTQ) dəfələrlə müraciət etsələr də, indiyədək problem həllini tapmayıb.
Məlumat üçün bildirək ki, redaksiyamız tərəfindən aidiyyəti qurumun yerli nümayəndəliyi ilə əlaqə saxlamaq cəhdləri nəticəsiz qalıb.
GTQ-nin mövqeyini dərc etməyə hazırıq.
Qeyd edək ki, oktyabrın 26-da Goranboy rayonunun Qarapirimli kəndində 34 yaşlı Ləman Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində həyatını itirib. Mərhumdan yadigar bir övladı qalıb.