Gəncənin Cavadxan və Sevinc qəsəbələrində məişət tullantılarının vaxtında daşınmaması və zibil qutularının çatışmazlığı əhalinin ciddi narazılığına səbəb olub.
Sakinlərin Gencexeber.az-a bildirdiyinə görə, Cavadxan qəsəbəsi, Qambay Əlizadə küçəsində vəziyyət xüsusilə acınacaqlıdır. Küçəboyu asfalt kənarlarının müxtəlif tullantılarla dolduğunu bildirən vətəndaşlar dəfələrlə MKTİB-ə müraciət etsələr də, problemin həllini tapmadığını deyirlər. Onların sözlərinə görə, ərazidə bir ədəd də olsun zibil qutusu üçün yer ayrılmayıb. Ən yaxın zibil konteyneri isə təxminən 2 kilometr məsafədə yerləşir.
Oxşar vəziyyət Məmməd Xələfov küçəsi 134 ünvanında da müşahidə olunur. Sakinlər burada zibil konteynerinin olmasına baxmayaraq, məişət tullantılarının ətrafa səpələndiyini və ərazidə antisanitar vəziyyət yarandığını bildirirlər. Yusif Məmmədəliyev küçəsi 31 ünvanında da eyni mənzərənin hökm sürdüyü qeyd olunur.
Sevinc qəsəbəsində isə vəziyyətin daha da acınacaqlı olduğu, bəzi ərazilərin zibil poliqonunu xatırlatdığı bildirilir. Tullantıların ətrafa yığılması nəticəsində ərazini üfunət bürüyür, bu da sakinlərin gündəlik həyatına və yaşayış mühitinə mənfi təsir göstərir.
Narazı vətəndaşlar aidiyyəti qurumlardan ərazilərin tullantılardan təmizlənməsini və xüsusilə konteyner çatışmazlığı olan küçələrdə yeni zibil qutularının yerləşdirilməsini tələb edirlər.
Məsələ ilə bağlı Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə sorğu ünvanlanıb.