Gəncə şəhərinin Şeyx Bahəddin küçəsinin sakinləri kommunal və infrastruktur problemləri ilə bağlı narazılıqlarını bildirirlər.
Gencexeber.az-a müraciət edən sakinlərin sözlərinə görə, çoxmənzilli binaların qarşısında yerləşən üç zibil qutusunun heç birinin qapağı yoxdur. Bundan əlavə, dilənçilik və tufeyli həyat tərzi keçirən bəzi şəxslər tullantıları konteynerlərdən çıxararaq ətrafa dağıdırlar. Nəticədə ərazidə antisanitar vəziyyət yaranır.
Digər problem isə küçənin yol örtüyünün vəziyyəti ilə bağlıdır. Belə ki, yolda çoxsaylı çalalar və çökmələr mövcuddur. Bu da həm piyadaların, həm də avtomobillərin hərəkətində çətinlik yaradır.
Sakinlər aidiyyəti qurumlardan ərazinin sanitar vəziyyətinin qorunması üçün nəzarətin gücləndirilməsini, zibil konteynerlərinin yeniləri ilə əvəz olunmasını və küçənin yol örtüyünün təmir edilməsini xahiş edirlər.