Gəncə şəhərində yaşayan şəhid anası Maysarat Veysəlova mənzil probleminin uzun illərdir həll edilməməsindən şikayətçidir.
Gencexeber.az-a müraciət edən Maysarat Veysəlova bildirib ki, o, Birinci Qarabağ Müharibəsi şəhidi Vüqar Veysəlovun anasıdır.
Onun sözlərinə görə, 27 noyabr 2014-cü il tarixində mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə aidiyyəti qurumlar tərəfindən rəsmi qaydada ev növbəsinə götürülüb. Lakin üstündən 12 il keçməsinə baxmayaraq, bu günədək mənzillə təmin olunmayıb.
O, məsələ ilə bağlı dəfələrlə Gəncə şəhər İcra Hakimiyyətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdiyini bildirib.
Şikayətçi qeyd edir ki, hazırda 30,9 kvadratmetr sahəsi olan dar və yararsız mənzildə 5 nəfərlə birlikdə yaşamaq məcburiyyətindədir.
O, şəhid anası olaraq uzun müddətdir davam edən bu vəziyyətin həm mənəvi, həm də sosial baxımdan ağır olduğunu vurğulayır.
Qeyd edək ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinə sorğu ünvanlanıb.