"Regionlarda 1960-70-80-ci illərdə tikilmiş binalar var. Bu binaların çox təəssüflər olsun ki, təmir və bərpa məsələsi hər ötən il deyilir ki, növbəti il həll olunacaq. Bəzən şəhər və yaxud rayon öz daxili hesabına nələrsə edirlər. Daha çox prospektlərin görünən hissəsində təmir işləri aparırlar.
Həyət, məhəllə hissəsində isə bu binalar ümumiyyətlə təmir edilmir".
Bunu Milli Məclisin komitə iclasında Gəncənin deputatı Naqif Həmzəyev deyib.
"Elə binalar var ki, o pilləkənlər hər an uça bilər. Mən bu haqda hökumətə də rəsmi müraciət etmişəm. Bəzi evlər var ki, medianı ümumiyyətlə çəkməyə, işıqlandırmağa qoymurlar. Hansı media o məlumatı işıqlandırırsa, həmin jurnalist ümumiyyətlə bəlkə də işdən çıxarılır və yaxud müəyyən təqiblərə məruz qalır. Yəni, bu yaxşı hal deyil. Problemi gizlətməklə, növbəti illərə ötürməklə biz heç nə əldə etmirik. Bakıda rahatdır, hər şey həll olunur. Regionlarda ancaq inanın ki, hamı bir nəfərdən, iki nəfərdən qorxur və heç kim heç nəyi dilə gətirə bilmir. Biz deyəndə də başqa cür olur.
Açıq deyim, bizim adımız var, ancaq heç bir səlahiyyətimiz yoxdur. Hökumət nümayəndələri rayonlara, şəhərlərə vətəndaşlarla görüşə gedəndə icra başçısının və yaxud rəsmi şəxsin təqdim etdiyi marşrutdan kənara çıxaraq getməlidir. Belə olacağı təqdirdə hökumət üzvləri görəcək ki, o yollar niyə düzəlmir və ya problemlər nə dərəcədə qabarıqdır. Açıq deyim, şəhər, rayon rəhbərliyi çox problemləri hökumətdən gizlədir...
Mən bəlkə də emosional çıxış etdim, ancaq inanın ki, seçicilərlə görüşəndə çox əziyyət çəkirik. Xüsusilə də doğulub boya-başa çatdığımız və ya bir yerdə böyüdüyümüz qonşuların qarşısına çıxa bilmirik. Deyirlər ki, sən vəzifə tutursan, yaxşı dolanırsan və bizi niyə düşünmürsən? Yəni belə məsələlər var. Bəlkə də 2027-ci il büdcəsində olmayacaq, heç olmasa növbəti 10 illiklərdə bu problemin həllinə çalışaq", - deyə deputat bildirib.
Mənbə: teleqraf.аz