Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun Gəncə şəhərində keçirəcəyi vətəndaş qəbulunun və polis orqanlarında xidmət etmək istəyən gənclərin sıra baxışının tarixi dəyişdirilib.
Gencexeber.az məlumat verir ki, noyabrın 13-nə nəzərdə tutulan qəbul və sıra baxışı noyabrın 12-də keçiriləcək.
Qəbul Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında təşkil olunacaq. Görüşdə Gəncə, Naftalan, Samux, Göygöl, Goranboy, Daşkəsən və Kəlbəcər şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.
Vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı noyabrın 11-dək yaşadıqları ərazinin polis orqanına, həmçinin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az portalı və nazirliyin sosial şəbəkə hesabları vasitəsilə müraciət edə bilərlər.
Polis orqanlarında və Daxili Qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışı isə noyabrın 12-də saat 08:00-da DİN-in Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən hərbi hissəsində keçiriləcək.
Qeyd edək ki, həm vətəndaş qəbulunda, həm də sıra baxışında iştirak etmək istəyənlər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.