Gəncədə 8 Noyabr – Zəfər Günü münasibətilə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə Şəhidlər xiyabanı ziyarət edilib.
Gencexeber.az məlumat verir ki, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla yanaşı Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları iştirak ediblər.
Əvvəlcə rəsmilər Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş hərbçilərin adları əks olunan abidəni ziyarət edib, gül dəstələri düzüblər. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir iştirakçıları torpaqlarımızın azadlığı və ölkəmizin suverenliyi uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış Əbədi Məşəl Abidəsinin önünə gül dəstələri düzərək şəhidlərin ruhuna dərin ehtiramlarını bildiriblər.