Gəncədə Azərbaycan Bayrağı və Təbriz küçələrində yolların vəziyyəti vətəndaşlar arasında narazılığa səbəb olub.
Gencexeber.az-a daxil olan çoxsaylı şikayətlərə görə, Gəncə Dövlət Kukla Teatrının yaxınlığında, Azərbaycan Bayrağı küçəsində yeni tikilən yaşayış evinə su xəttinin çəkilməsi ilə əlaqədar qazıntı işləri aparılıb. Lakin işlər başa çatdıqdan sonra yol örtüyü bərpa edilməyib. Artıq bir həftədir aradan qaldırılmayan problem sürücülər üçün ciddi təhlükə yaradır.
Digər oxşar vəziyyət Təbriz küçəsində müşahidə olunur. Burada su xətti çəkildikdən sonra asfalt örtüyü bərpa edilsə də, görülən işlərin keyfiyyəti qənaətbəxş olmayıb. Bir çox yerdə asfalt örtüyü dağılıb, dərin çuxurlar yaranıb. Nəticədə avtomobillər zədələnir, sürücülər isə hərəkət zamanı çətinliklə üzləşirlər.
Sakinlər aidiyyəti qurumlardan yolların lazımi qaydada bərpa edilməsini tələb edirlər.
Məsələ ilə bağlı redaksiyamız tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanıb.