Gəncə şəhər 8 nömrəli tam orta məktəbin yaxınlığında yerləşən Mehrablı küçəsində yol və kanalizasiya ilə bağlı mövcud problemlər sakinlərin ciddi narazılığına səbəb olub.
Gencexeber.az-a müraciət edən vətəndaşların sözlərinə görə, ərazidə yüzlərlə ailə yaşayır və uzun illərdir davam edən problemlər hələ də öz həllini tapmayıb. Sakinlər iddia edirlər ki, aidiyyəti qurumlara müraciət etdikdə onlara "planda olanda edərik" cavabı verilib. Lakin ötən müddət ərzində küçənin infrastrukturunun yaxşılaşdırılması, şəraitin normal vəziyyətə gətirilməsi istiqamətində heç bir konkret tədbir görülməyib.
Vətəndaşların bildirdiyinə görə, kanalizasiya quyuları artıq dolub-daşır. Onların vaxtaşırı təmizlənməsi isə sakinlər üçün əlavə maliyyə yükü yaradır. Mövcud vəziyyət küçədə yaşayan uşaqların, yaşlıların və digər sakinlərin gündəlik həyatını çətinləşdirir.
Küçənin yol örtüyü də acınacaqlı vəziyyətdədir. Yay aylarında ərazi toz-dumana bürünür, qışda isə palçıq səbəbindən sakinlərin gediş-gəlişi xeyli çətinləşir. Nəticədə adi gündəlik hərəkət belə ərazidə yaşayanlar üçün ciddi problemə çevrilir.
Mehrablı küçəsinin sakinləri aidiyyəti qurumlardan mövcud vəziyyətə müdaxilə etməyi, yolun asfaltlanmasını və kanalizasiya sisteminin əsaslı şəkildə yenilənərək problemin birdəfəlik aradan qaldırılmasını istəyirlər. Onlar illərdir eşitdikləri vədlərin nəhayət real işlərlə əvəz olunmasını gözləyirlər.
Məsələ ilə bağlı redaksiyamız tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanıb.