Gəncədə fəaliyyət göstərən bir qrup sahibkar "Grand Qafqaz" Ticarət Kompleksi ilə bağlı redaksiyamıza şikayət ünvanlayıb.
Sahibkarlar Gencexeber.az-a bildiriblər ki, satışını həyata keçirdikləri ev quşları iki gündür bazar rəhbərliyi tərəfindən onlara təhvil verilmir.
Onlar iddia edir ki, toyuq-cücələr və digər ev quşları toyuq modulunda qapalı saxlanılır, bu müddət ərzində isə ac-susuz qalıblar.
Şikayətçilər qeyd edirlər ki, bir neçə gün əvvələ qədər toyuq modulunda diri ev quşlarının satışı ilə məşğul olmaq üçün 5 manat ödəniş ediblər. Hazırda həmin məbləğin 4-5 dəfə artırıldığı iddia olunur.
Sahibkarlar ev quşlarının ac-susuzluqdan tələf ola biləcəyindən ehtiyat edirlər.
Şikayətçilər məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdiklərini, həmçinin rəsmi ərizə yazdıqlarını bildiriblər. Onların əsas tələbi modul tipli satış məntəqəsinin qıfılının açılması və quşlarının özlərinə qaytarılmasıdır.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirildi ki, vətəndaşların müraciəti əsasında araşdırma aparılır:
"Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün redaksiyamız bazarın rəsmi nümayəndəsi ilə əlaqə saxlasa da, suallar cavabsız qalıb.