Gəncədəki universitetlərdən biri dünyanın nüfuzlu reytinq təşkilatının siyahısına düşüb. Bu haqda 13 iyun tarixində GDU-ya istinadən xəbər veririk.
Dünyanın tanınmış reytinq təşkilatı hesab olunan Times Higher Education agentliyi “THE Impact Ranking” 2024-cü il üçün nəticələrini elan edib. İlk dəfə olaraq bu müsabiqədə iştirak edən Gəncə Dövlət Universiteti (GDU) 4 istiqamət (məqsəd) üzrə qiymətləndirilib. Bu il reytinq siyahısında ümumilikdə 1963, Azərbaycandan isə 18 ali təhsil müəssisəsi yer alıb.
GDU 1-ci məqsəd olan “Yoxsulluğa son qoymaq” istiqaməti üzrə 21,2 bal toplayaraq 1001-ci yerdə (iştirak edən Azərbaycan ali təhsil müəssisələri arasında 8-ci), 3-cü məqsəd olan “Yaxşı səhiyyə və rifah” üzrə 13,2 bal alaraq 1001-ci yerdə (iştirak edən Azərbaycan ali təhsil müəssisələri arasında 7-ci), 4-cü məqsəd “Keyfiyyətli təhsil” istiqaməti üzrə 26,6 bal alaraq 1001-1500 aralığında (iştirak edən Azərbaycan ali təhsil müəssisələri arasında 15-ci) və nəhayət, 17-ci məqsəd olan “Dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün əməkdaşlıq” istiqaməti üzrə isə 7,4 bal alaraq 1501-ci yerdə (iştirak edən Azərbaycan ali təhsil müəssisələri arasında 14-cü) qərarlaşıb.