“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi, “Minsk Avtomobil Zavodu” ASC (MAZ) və “Pojsnab” MMC arasında Belarus yanğınsöndürmə texnikasının Azərbaycanda istehsalının təşkilinə dair üçtərəfli müqavilə imzalanıb. Bu haqda 7 iyun tarixində Report-a istinadən xəbər veririk.
“Şassi MAZ, asma yanğınsöndürmə texnikası isə “Pojsnab” şirkəti tərəfindən istehsal ediləcək, texnikanın yığılması isə burada həyata keçiriləcək”, - “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev bildirib.
O, həmçinin xatırladıb ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana bu yaxınlarda dövlət səfəri zamanı Azərbaycan Fövqəladə Hallar Nazirliyinin ehtiyacları üçün 400 ədəd yanğınsöndürmə texnikasının alınmasına dair memorandum imzalanıb: “Müqavilə 4 il müddətinə nəzərdə tutulub”.
Belarusla qarşılıqlı əlaqələrdən danışan X.Fətiyev bildirib ki, “Gəncə Avtomobil Zavodu”nda 4,5 minə yaxın MAZ markalı avtomobil və 15 min traktor yığılıb: “Biz elektrobusların yığılmasına da başlamışıq. Belaruslularla işləmək mümkündür və lazımdır”. Bu sənəd Azərbaycan nümayəndə heyətinin Belarusun paytaxtı Minskin “Belkommunmaş” müəssisəsinə səfəri zamanı imzalanıb.