Yenikənd su anbarında moratoriuma baxmayaraq, qanunsuz torla balıq ovu aparılıb.
Gencexeber.az-ın məlumatına görə, hadisə mayın 8-i gecə saat 23:00 radələrində Samux rayonunun ərazisində yerləşən Yenikənd su anbarında baş verib. Naməlum iki şəxs balıq ovuna tətbiq edilmiş moratoriumu pozaraq, tor vasitəsilə balıq tutublar. Onların bu qanunsuz əməli nəticəsində ərazidəki balıq ehtiyatlarına ciddi zərər dəyib.
Hadisə şahidlərinin bildirdiyinə görə, balıq ovu gecə vaxtı, gizli şəkildə həyata keçirilib. Onlar redaksiyamıza məsələ ilə bağlı çəkilmiş görüntüləri də təqdim ediblər.
Qeyd edək ki, balıqların kürütökmə dövrünü nəzərə alaraq, 1 may 2025-ci il tarixindən etibarən ölkə üzrə bütün su hövzələrində balıq ovuna moratorium elan edilib. Qadağa sentyabrın 1-dək qüvvədə qalacaq. Bu qaydanın əsas məqsədi nəsli kəsilməkdə olan balıq növlərinin qorunması və ekoloji balansın saxlanmasıdır.