Gəncədə qaraçıların təşviş doğuran davranışları ilə bağlı vətəndaşlardan daxil olan onlarla şikayət barədə redaksiyamız tərəfindən yazı dərc edilib. Bu gün isə Gəncədə dilənçilik edən və tüfeyli həyat tərzi keçirən 46 nəfər saxlanılıb.
Gencexeber.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
Qurum rəsmisi bildirib ki, Gəncədə polis əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq sakinlərin narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.
“Tədbir zamanı ümumilikdə 46 nəfər saxlanılaraq polis şöbəsinə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib”.