Gəncə şəhər Baş Polis İdarəsinə yetkinlik yaşına çatmayan şəxsin kəsici-deşici alətlə bıçaq xəsarəti alması barədə məlumat daxil olub.
Bunu Gencexeber.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Qurum rəsmisi qeyd edib ki, hazırda araşdırmalar davam etdirilir:
“Hadisəni törədən şəxsin kimliyi müəyyən edilib, istintaqa təhvil verildikdən sonra əlavə məlumat veriləcək. Qeyd edim ki, hadisə məktəbdən kənarda qeydə alınıb”.
Əldə etdiyimiz məlumata əsasən, yeniyetmələr arasında münaqişə söyüş səbəbindən baş verib.
16:46
Gəncədə bıçaqlanma baş verib.
Apa.az xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
M. adlı oğlanın bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Bıçaqlanan və hadisəni törədən şəxsin qəsəbədə yerləşən 21 nömrəli tam orta məktəbin şagirdləri olduğu deyilir. Məlumata görə, məktəbin 10-cu sinif şagirdi 8-ci sinif şagirdini bıçaqlayıb. Hadisənin dərsdən sonra baş verdiyi bildirilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.