Gəncədə şəhidin yerinə yetirə bilmədiyi arzusu gerçəkləşib. Bu haqda 10 noyabr tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Söhbət 16 nömrəli orta məktəbin tarixi müəllimi olan şəhid Rəşad Məmmədovdan gedir. Müharibəyə könüllü yollanan qəhrəmanımız şagirdlərinə Şuşadan Zəfər Bayrağını gətirəcəyinə söz vermişdi. Lakin özü Şuşa uğurunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Rəşadın bu arzusunu anası Rəfiqə Süleymanova həyata keçirib. O, Şuşadan üçrəngli şanlı Bayrağımızı həmin orta məktəbə gətirərək, kollektivə təqdim edib.
“Bu bayrağı o çatdıra bilmədi. Demişdi, Şuşanı gəzdirəcəm. Ancaq elə oldu ki, noyabrın 8-i şəhid oldu. Öz arzusuna çata bilmədi. Mən də bir ana kimi fikirləşdim ki, onun arzusu var idi, mən yerinə yetirim. Bayrağı Şuşanı gəzdirib gətirdim, məktəbə verdim”, - deyə şəhidimizin anası bildirib.