Daşkəsən rayonunun Quşçu Körpü qəsəbəsinin sakinləri uzun illərdir yol probleminin həll olunmamasından şikayətlənirlər.
Gencexeber.az-a sakinlər tərəfindən daxil olan şikayətlərə əsasən, qəsəbədaxili yolların vəziyyəti olduqca bərbaddır və bu, gündəlik həyatlarına ciddi çətinliklər yaradır.
Bildirilir ki, qış aylarında yollar palçıq içində qalır, yay mövsümündə isə güclü toz səbəbindən hərəkət demək olar ki, mümkünsüz olur. Vəziyyət o həddə çatıb ki, qəsəbəyə aztutumlu minik avtomobilləri belə daxil ola bilmir.
Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini desələr də, problemin hələ də öz həllini tapmadığını vurğulayırlar. Yolun bərbad vəziyyəti xüsusilə yaşlılar, uşaqlar və xəstələr üçün əlavə çətinliklər yaradır.
Qəsəbə sakinlərindən biri mövcud vəziyyəti əks etdirən videomaterial çəkərək redaksiyamıza təqdim edib. Həmin görüntülərdə yolun acınacaqlı durumu aydın şəkildə görünür.