Gəncədə bir sıra sakinlərin su təchizatı dayandırılıb. Bu haqda Gencexeber.az-a 1 iyun tarixində məlumat daxil olub.
Hadisə şəhərin Aida İmanquliyeva küçəsində qeydə alınıb. Bir müddət öncə Təhsil idarəsinin yaxınlığında kanalizasiya xətti çəkilib. Bu vaxt 8A və 8B saylı binaları su ilə təchiz edən boru səhvən yerindən çıxarılıb. Daha sonra səhvini başa düşən əməkdaşlar borunu yanlış calayıblar.
Nəticədə sözügedən binaların sakinləri bir həftəyə yaxındır su ilə təchiz olunmurlar. Onların sözlərinə görə, məsələ ilə bağlı hər gün aidiyyəti qurumlara müraciət olunur. Lakin qurumlar məsuliyyəti bir-birinin üstünə atır.
“Yayın istisində qalmışıq susuz. Qaynar xəttə zəng vurub şikayət edirik. Problemimiz həll olunmur. Su idarəsi deyir ki, bu, bizim problemimiz deyil. Borunu dağıdan qurum təmir etsin. Həmin qurum isə məsələnin “Azərsu” tərəfindən həll edilməli olduğunu bildirir”, - deyə sakinlər qeyd ediblər.
[modula id="38239"]