Gəncədə yol-nəqliyyat hadisələrinin tez-tez baş verdiyi bəzi ərazilərdə sürücülərin yol hərəkəti qaydalarına əməl etməməsi sakinlərin narahatlığına səbəb olur.
Gencexeber.az-a daxil olan şikayətlərə görə, şəhərin İsrafil Məmmədov və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində, Naftalan Sağlamlıq Mərkəzinin yaxınlığında hər ay bir neçə dəfə yol-nəqliyyat hadisəsi qeydə alınır. Sakinlər bildirirlər ki, vəziyyət xüsusilə uşaqların təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur.
Digər təhlükəli ərazilərdən biri Əziz Əliyev prospektində, köhnə Yevlax avtovağzalının yaxınlığında yerləşir. Burada piyadaların yolu keçməsi üçün xətlənmə olsa da, sürücülərin qaydalara əməl etməməsi təhlükə yaradır. Vətəndaşlar burada işıqforun quraşdırılmasını vacib hesab edirlər.
Oxşar vəziyyət Azərbaycan və Koroğlu küçələrinin kəsişməsində də müşahidə olunur. Ərazidə yol nişanları, yol xətlənməsi və işıqforlar mövcud olsa da, sakinlərin sözlərinə görə, bəzi sürücülər qaydalara yalnız Dövlət Yol Polisi əməkdaşlarının ərazidə xidmət apardığı zaman əməl edirlər.
Sakinlər aidiyyəti qurumlardan qeyd olunan ərazilərdə nəzarətin gücləndirilməsini, yol hərəkəti təhlükəsizliyinin artırılması üçün zəruri tədbirlərin görülməsini istəyirlər.