Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Dirk Lölke Gəncə və Şəmkir şəhərlərinə səfər edib.
Gencexeber.az məlumat verir ki, səfərin ilk günü Gəncəyə gələn səfir Nizami Gəncəvinin məqbərəsini ziyarət edib, şəhərlə tanışlıq turunda iştirak edib. O, həmçinin "Gəncə-Şərab" müəssisəsində şərab istehsalı prosesi ilə tanış olub və Gəncə Dövlət Dram Teatrında "Əli və Nino" tamaşasının məşqini izləyib.
Səfirin bölgəyə səfəri Şəmkirdə davam edib. Dirk Lölke Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev tərəfindən qəbul olunub. Görüşdə iqtisadi əməkdaşlıq, mədəni proqramlar və bölgədə alman irsinin qorunması məsələləri müzakirə edilib. Daha sonra səfir Lüteran kilsəsini ziyarət edib və şəhərlə tanış olub.
Səfər çərçivəsində millət vəkili Nurlan Həsənovun iştirakı ilə Göygöl gölünə də baş çəkilib.
Bundan əlavə, Dirk Lölke Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən qəbul edilib.
Səfərin sonunda səfir Şəmkirdə pomidor istixanalarına və Zəyəm Texnologiyalar Parkına baş çəkib. Bu müəssisələr bölgədə kənd təsərrüfatı və sənaye sahələrinin inkişafını əks etdirən nümunələr kimi təqdim olunub.