Bu gün azərbaycanlı şair, publisist, ssenarist Nüsrət Kəsəmənlinin anım günüdür.
Gencexeber.az xatırladır ki, Nüsrət Kəsəmənli 15 oktyabr 2003-cü ildə Təbrizdə vəfat edib.
Şair 1946-cı ildə Ağstafa rayonunda anadan olub. O, 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub.
Universitetin II kursundaykən 1969-cu ildə "Bakı" və "Baku" qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilib.
1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlayıb. 150-dək şerinə musiqi bəstələnib. "Boş kəndlərin harayı", "Mövzu üzrə improvizasiya", "Ənbizlərin keşiyində", "Sovet Azərbaycanına səyahət" və s. sənədli filmlərin, "Afroditanın qolları", "Qarabağ əhvalatı" bədii filmlərin ssenari müəllifidir.
Azərbaycanda daha çox yazdığı sevgi şeirləri ilə tanınıb və bir çox mahnılara şeirlər yazıb. Eyni zamanda Nüsrət Kəsəmənli məhəbbət janrında yazdığı şeirlərlə Azərbaycan ədəbiyyatında başqa bir səhifə açıb.
"Daha nağıllara inanmıram mən", "Biri vardı, biri yox", "Səni unutsam", "Vətən alov etsin odunu sənin", "Mənsiz qalacaqdır bu dünya bir gün", "Oğru olmaq istəyirəm", "Ağacın altında kölgə", "Məhəbbətdən küsəndə", "Yoxdursa", "Mənim o ağaca yazığım gəlir", "Mənə inanmırsan bir yuxu kimi", "İnanma əzizim, inan əzizim" məşhur şeirlərindən sayılır.