Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb. Bu haqda 21 iyul tarixində Report-a istinadən məlumat veririk.
Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində toy karvanında avtoxuliqanlıq edərək ictimai asayişi pozan sürücünü saxlayıblar. Belə ki, Mustafa Əhmədov "VAZ" markalı avtomobillə toy karvanında sürücülük hüququ olmadan, yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq edib və digər hərəkət iştirakçılarına təhlükə yaradıb.
Onun barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib. Qərara əsasən, Əhmədov 18 sutka müddətinə inzibati qaydada həbs olunub.
Həmçinin avtomobillərinə qanunsuz konstruksiya dəyişikliyi edən şəxslər barəsində də müvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra avtomobillərin istismarına icazə verilib.