Bu gün şəhid Turxan Məmmədovun doğum günüdür.
Turxan Rizvan oğlu Məmmədov 9 avqust 1998-ci ildə Gəncə şəhərində doğulub. 2017-ci ildə N.Aydın adına 18 nömrəli tam orta məktəbi bitirib. Həmin ildə həqiqi hərbi xidmətə çağırılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra bərbər kimi çalışıb. 2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə çağırılıb.
Vətən müharibəsi zamanı Turxan Kəlbəcər rayonunun azadlığı uğrunda vuruşub.
Turxan Rizvan oğlu Məmmədov 29 sentyabr 2020-ci ildə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
8 dekabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Şəhidimiz “Vətən uğrunda” medalı ilə təltif olunub.