Çeçenistanda Rusiya HHM sistemi tərəfindən vurulan Azərbaycan təyyarəsinin qurbanlarının xatirəsinə Yekaterinburqda Azərbaycan Konsulluğu qarşısında yerli sakinlər və diaspor nümayəndələri tərəfindən yaradılan memorial sökülüb.
Haqqın.аz xəbər verir ki, Memorial 27 dekabr tarixində sakinlər tərəfindən qurulub. Onlar diplomatik nümayəndəliyimizin qarşısına güllər qoyaraq qurbanları yad ediblər.
Həmçinin Azərbaycan Konsulluğu binasında bayraq yarıya qədər endirilib.
Azərbaycan diasporunun Yekaterinburqdakı lideri Şahin Şıxlinski də ailələrə başsağlığı verərək, “Bu faciə bizim ürəklərimizdə dərin yara qoyub. Həyatda qalanlara tezliklə sağalmağı arzulayırıq,” - deyə bildirib.
Lakin 28 dekabr səhəri “Komsomolskaya Pravda-Yekaterinburq” xəbər verdi ki, memorial artıq sökülüb. Konsulluğun qarşısında yalnız iki qırmızı qərənfil qalıb. Hadisə ilə bağlı Azərbaycan Konsulluğuna müraciət etmək mümkün olmayıb.