Gəncədə yəhudilərin bayramı keçirilib. Bu haqda 30 aprel tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Nizami yurdunda Pesax bayramı qeyd olunub. Buraya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbənin müdir müavini Faiq Əsgərov, Gəncə şəhər yəhudi dini icmasının sədri Arif Babayev və icma üzvləri qatılıblar.
Çıxışlarda bildirilib ki, yəhudilər və digər milli azlıqlar ölkəmizdə özlərini həmişə təhlükəsiz hiss ediblər. Azərbaycanda yaşayan xalqlar dostluq və qarşılıqlı anlaşma ab-havasında yaşayıblar, bu ənənə bu gün də qorunub saxlanılmaqdadır. Vurğulanıb ki, yəhudilər ölkəmizdə hökm sürən unikal tolerantlıq atmosferi sayəsində ksenofobiyanın hər hansı təzahürü ilə rastlaşmırlar.