Bu gün şəhid Qəzənfər Məmmədovun doğum günüdür.
Qəzənfər Habil oğlu Məmmədov 23 avqust 1996-cı ildə Gəncədə anadan olub. 1-ci sinfə Rusiyada 363 saylı məktəbdə gedib, sonra isə Gəncə şəhərinə gəlib, təhsilini 14 nömrəli məktəbdə davam edib. 2014-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunub. 2018-ci ildə təhsilini başa vuraraq leytenant rütbəsi alıb.
O, 2018-ci ildə tağım komandiri təyin olunub. 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində iştirak edib.
Qəzənfər Habil oğlu Məmmədov 9 noyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə yüksəlib. İki gün sonra Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Şəhidimiz Prezident tərəfindən III dərəcəli «Rəşadət» ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.