Gəncə Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Cəsur Cəbiyev (soyadı şərtidir) və yetkinlik yaşına çatmayan Elvin (ad şərtidir) İsgəndərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
İttihama görə, 2007-ci il təvəllüdlü Cəsur Cəbiyev və 2010-cu il təvəllüdlü Elvin İsgəndərov qabaqcadan əlbir olaraq quldurluq məqsədilə zərərçəkmişin evinə daxil olub, zərərçəkmiş Rafiq Bədəlovu (soyadı şərtidir) öldürməklə hədələyərək pul və qiymətli əşyalarını ələ keçiriblər.
Hadisə 2025-ci ildə Şəmkir rayonunun Dəllər-Cəyir kəndində baş verib. Təqsirləndirilən şəxslər kənddə tənha yaşayan və qonşuları olan zərərçəkmiş şəxsin evinə basqın etmək barədə razılığa gəliblər.
İlk olaraq yataq otağına keçən şəxslər zərərçəkmişə məxsus şalvarın cibindən 493 manat pul götürərək ələ keçiriblər. Onlar birlikdə zərərçəkmişi öldürməklə hədələyərək ondan 20 000 manat pul verməsini tələb ediblər. Rafiq Bədəlov isə təqaüdçü olduğunu və bu qədər pulunun olmadığını bildirib.
Pul tapa bilməyən təqsirləndirilən şəxslər 190 manat dəyərində mobil telefonu, eləcə də 45 manat dəyərində açarları açıq talama yolu ilə ələ keçiriblər.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəsur Cəbiyev 9 il 6 ay və E.İsgəndərov isə 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Sonuncu məhkəmədə qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Mənbə: pravda.аz