Gəncə şəhərinin 3-cü mikrorayonunda çoxmənzilli yaşayış binalarının həyətlərində abadlıq işləri tam başa çatdırılmayıb.
Gencexeber.az-a müraciət edən sakinlərin sözlərinə görə, həyətlərin təxminən yarısında abadlıq işləri aparılsa da, digər hissələrdə işlər görülməyib. Vətəndaşlar müvafiq qurumlardan ərazidə yenidənqurma və abadlıq işlərinin sona qədər davam etdirilməsini xahiş edirlər.
Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyəti və "Bakı Abadlıq Xidməti" MMC tərəfindən şəhərin müxtəlif ərazilərində yerləşən çoxmənzilli yaşayış binalarının həyətlərində və parklarda "ABAD məhəllə" layihəsi çərçivəsində yenidənqurma işləri həyata keçirilir. Uşaq və idman meydançaları yaradılır, müasir idman qurğuları quraşdırılır, uşaqlar üçün oyun sahələri salınır.
Sakinlər ümid edirlər ki, 3-cü mikrorayonda abadlıq işləri yarımçıq saxlanılmayacaq və həyətin bütün ərazisi yenidən qurularaq gəncəlilərin istifadəsinə veriləcək.
Məsələ ilə bağlı redaksiyamız tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanıb.