Gədəbəy rayonunda 34 yaşlı kişi həmyerlisinə xəsarət yetirməkdə ittiham olunub.
Gədəbəydə yerləşən Avtovağzal Kompleksi yaxınlığında 1992-ci il təvəllüdlü Mənsur işlədiyi avtoyuma məntəqəsində olarkən avtomobil yuduzdurmaq üçün ora gəlmiş tanışı Bilmanın (adlar şərtidir) ona "sən arvadının canı təmiz yu" sözünü dediyi üçün dəmir parçası ilə onu vurub.
Mənsurun barəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Mənsur ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, maşınını yuduzdurmağa gələn Bilman ona "sən arvadının canı, təmiz yu" deyib.
"Bu sözdən sonra yerdə gördüyüm dəmir parçası ilə onu döydüm. Bilmanın harasından vurduğumu bilməmişəm. Bundan sonra qardaşım bizi araladı", - deyə Mənsur ifadəsindən bildirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mənsur 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.