Gəncədə beynəlxalq yarış başa çatıb. Bu haqda 10 iyun tarixində DGK-ya istinadən məlumat veririk.
Bir müddət öncə şəhərimizdə Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Gömrük Xidmətlərinin kinoloji bölmələrinin çoxnövçülükdə birincilik üzrə XI yarışının keçirilməsi barədə məlumat vermişdik. Turnirdə ölkəmizlə yanaşı, Qazaxıstan, Qırğızıstan, Rusiya və Özbəkistan gömrük xidmətlərinin kinoloji bölmələri də iştirak ediblər.
Yarış 1 itaətetmə, 4 axtarış - narkotik vasitələrin əl yüklərində, minik avtomobillərində, yük avtomobillərində və ümumi otaq şəraitində axtarışı mərhələsindən ibarət olub. Ümumilikdə yarışlarda 10 baş xidməti axtarış iti iştirak edib.
Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin kinoloqları itaətetmə və əl yüklərində axtarış mərhələlərində II, yük maşınlarında və otaq şəraitində axtarış mərhələlərində isə III yerə layiq görülüblər. Komanda hesabında Rusiya Federasiyasının təmsilçiləri I, Qazaxıstan və Azərbaycan kinoloqları isə müvafiq olaraq II və III yerlərə layiq görülüblər.