Bu gün Azərbaycan vokal sənətinin görkəmli nümayəndəsi, Azərbaycan SSR Əməkdar artisti İdris Mehdiyevin doğum günüdür.
Gencexeber.az məlumat verir ki, İdris Mehdiyev 26 avqust 1940-cı ildə Gəncə şəhərində ziyalı ailəsində dünyaya gəlib. O, hələ uşaqlıq illərindən gözəl səsi və musiqi qabiliyyəti ilə diqqət çəkib, məktəbin bədii özfəaliyyət kollektivində və uşaq xorunda solist kimi çıxış edib.
Ailə vəziyyəti ilə əlaqədar Bakıya köçən İdris Mehdiyev Pioner və Məktəblilər Sarayının uşaq xorunda fəaliyyət göstərib. Hərbi xidmət illərində isə Qırmızı Bayraqlı Baltik Donanmasının Mahnı və Rəqs Ansamblının solisti olub və kollektivlə birlikdə bir sıra ölkələrdə qastrol səfərlərində iştirak edib.
Vətənə qayıtdıqdan sonra müxtəlif musiqi kollektivlərində çalışan sənətkar uzun illər Azərbaycan Radio və Televiziyası Estrada Orkestrinin solisti kimi fəaliyyət göstərib. O, Fikrət Əmirov, Tofiq Quliyev, Səid Rüstəmov, Cahangir Cahangirov, Emin Sabitoğlu və digər görkəmli bəstəkarların əsərlərini ifa edib.
Ömrünün sonunadək Azərbaycan Dövlət Radio və Televiziyası Xorunun solisti və direktoru olan İdris Mehdiyev 1978-ci ildə Azərbaycan SSR Əməkdar Artisti fəxri adına layiq görülüb.
Qeyd edək ki, İdris Saleh oğlu Mehdiyev 10 noyabr 2015-ci ildə, 75 yaşında Bakıda vəfat edib.