Gəncədə bir sıra poçt filiallarının fəaliyyətinin dayandırılması sakinlər arasında birmənalı qarşılanmır.
Gencexeber.az-ın məlumatına görə, Poçt qəsəbəsində yerləşən 49, 53, 54, 55, 56 və 57 saylı yaşayış binalarının ərazisindəki poçt filialının bağlanması sakinlər arasında narazılıq yaradıb. Vətəndaşlar bildirirlər ki, kommunal və digər ödənişləri onlayn həyata keçirə bilməyən insanlar üçün şöbələrin sayının azaldılması əlavə çətinlik yaradır.
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərpoçt" MMC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, sorğumuza cavabın hazırlanması təxminən bir həftə çəkə bilər.
Hər halda, Gencexeber.az olaraq sakinlərin narazılığına səbəb olan vəziyyəti yerində çəkib göstərdik. "Azərpoçt" MMC-dən rəsmi cavab daxil olduqdan sonra məsələ ilə bağlı əlavə məlumat təqdim edəcəyik.
Qeyd edək ki, 2021-ci ildə Gəncə şəhərində 19 poçt şöbəsi olduğu halda, hazırda onların sayı 16-ya enib.