Gəncədə valideynlər məktəbin yaxınlığında aparılan tikinti işləri ilə bağlı narahatlıqlarını bildiriblər.
Gencexeber.az məlumat verir ki, söhbət Gəncə şəhər Mehdi Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyin tam yaxınlığında aparılan tikinti işlərindən gedir.
Valideynlərin sözlərinə görə, tikinti sahəsinin altından məktəbin həyətinə keçid mövcuddur və hər gün yüzlərlə şagird həmin ərazidən istifadə edir. Lakin onların iddiasına görə, uşaq və yeniyetmələrin təhlükəsizliyinin təmin olunması üçün lazımi vasitələrdən istifadə edilmir.
Vətəndaşlar bildirirlər ki, 5-6 ədəd iri dəmir parçası məktəbin həyətinə də düşüb. Xoşbəxtlikdən hadisə zamanı heç bir şagird xəsarət almayıb.
Valideynlər tikinti sahəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsini və məktəbə gedib-gələn şagirdlərin təhlükəsizliyinin təmin olunmasını tələb edirlər.