Gəncə şəhərinin 3-cü mikrorayonunda çoxmənzilli yaşayış binalarının həyətlərində abadlıq işləri başa çatmaq üzrədir.
Gencexeber.az məlumat verir ki, 1, 2, 3, 4 və 5 nömrəli binaların yerləşdiyi ərazidə əsaslı təmir işləri aparılıb.
Binaların fasadlarında mövcud nöqsanlar aradan qaldırıldıqdan sonra səthlər rənglənib. Həyətin asfalt örtüyü tamamilə yenilənib. Sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət guşələri yaradılıb.
Ərazidə uşaqlar üçün futbol meydançası salınıb, müxtəlif attraksionlar və söhbətgahlar quraşdırılıb. Həmçinin yaşıllıqlara aqrotexniki qulluq göstərilib, həmişəyaşıl ağaclar əkilib və əlavə işıq dirəkləri quraşdırılıb.
Qeyd edək ki, abadlıq işləri Gəncə Şəhər İcra Hakimiyyətinin sifarişi əsasında "Bakı Abadlıq Xidməti" MMC tərəfindən həyata keçirilir. Hazırda 10-dan çox məhəllədə bu istiqamətdə işlər davam etdirilir.