Gəncə şəhərinin qədim Qızılhacılı məhəlləsində, Təbriz küçəsində yerləşən Qızılhacılı məscidi məhəllə sakinlərinin vəsaiti ilə 1877-ci ildə inşa edilib.
El arasında Şabanlı məscidi də deyildiyi üçün ehtimal edilir ki, məhəllədə yerləşən tayfa və ya onun başçısının adı ilə bağlıdır. Həmçinin bu binanı tikən və ya tikilməsinə təşəbbüs göstərən şəxsin adı ilə bağlı olduğu da güman olunur.
1801-1802-ci illərdə Borçalı, Qazax, Şəmşəddil mahalları ruslar tərəfindən işğal edildikdən sonra, oranın əhalisi Gəncəyə köçməyə başlayıb. Gəncə hökmdarı Cavad Xan onlara köməklik edərək, köçkünləri şəhərin Böyük Bağman ərazisində yerləşdirib. Borçalıdan gələnlər burada Qızılhacılı məhəlləsini salıb, sonra özlərinə bu məscidi inşa ediblər.
Qızılhacılı məscidi kərpicdən tikilib. Məscidin günbəzi üçkünc formada olan dəmirlər ilə örtülüb, üzərində isə kuzə və aypara var. Onlar 1980-ci ildə, bərpa işləri zamanı qoyulub. Qapının yan tərəfindənki divarda ikitağlı oyuq, üstündə də həmin oyuqların formasını təkrar edən pəncərə var.
Məscidin içində mehrab yoxdur. Ehtimal edilir ki, mehrab Sovet dövründə dağıdılıb. O zamanlar məscid ateizm klubu və anbar kimi istifadə edilib. Həmçinin burada diş poliklinikası da yerləşib. Hazırda bu məsciddə 22 saylı kitabxananın filialı fəaliyyət göstərir.