Sahibsiz küçə itlərini daşlayan məktəblilərin görüntüləri sosial şəbəkələrdə tənqidlərə səbəb olub.
Heyvansevərlər tərəfindən Gencexeber.az-a təqdim edilən məlumatda iddia olunur ki, görüntülərdə əks olunan hadisə Gəncədə mobil telefonla çəkilib. Bildirilib ki, yeniyetmələr Gəncə şəhər 32 nömrəli tam orta ümumtəhsil məktəbdə təhsil alırlar.
Qeyd edək ki, Gəncədə sahibsiz itlərlə bağlı problem redaksiyamız tərəfindən dəfələrlə işıqlandırılıb. Şəhərdə it dişləməsi halları da narahatlıq doğuran məsələlərdən biri olaraq qalır.
Mütəxəssislərin fikrincə, heyvanlara qarşı zorakılıq onların qorxu və müdafiə xarakterli aqressiv davranışlarını gücləndirə bilər. Xüsusilə yeniyetmələrin küçə heyvanlarına qarşı qəddar davranışları həm heyvanların rifahı, həm də insanların təhlükəsizliyi baxımından narahatedicidir.