Gəncə şəhərinə qərb istiqamətindən daxil olan magistral yolun işıqlandırma sistemində oktyabrın 17-də, axşam saat 19 radələrində müvəqqəti fasilə yaranıb.
Gencexeber.az-a bu barədə Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Küçə İşıqlanması şöbəsindən məlumat verilib.
Bildirilib ki, şöbənin balansında olan ərazidə işıqlandırmanın dayanmasına səbəb magistral yol boyunca yerləşən işıq dirəklərini elektrik enerjisi ilə təmin edən Samux Elektrik Şəbəkəsində yaranmış nasazlıq olub.
Qeyd edilib ki, təxminən 30 dəqiqə ərzində nasazlıq aradan qaldırılıb, elektrik enerjisinin verilməsi bərpa olunub və magistral yolun işıqlandırılması yenidən təmin edilib.
Məlumata görə, Gəncədən Bakı istiqamətində, Qala Qapıları Kompleksinə qədər olan yol sahəsində 300-dən çox işıq dirəyində ümumilikdə 660 LED işıqlandırıcı quraşdırılıb.
Hazırda mövsümi rejimə uyğun olaraq həmin işıqlandırma sistemi hər gün saat 18:00-dan səhər saat 06:00-dək fəaliyyət göstərir.
Qeyd edək ki, magistral yolda işıqlandırma sistemində yaranan fasilə redaksiyamız tərəfindən də işıqlandırılmışdı.