Tovuz rayonunun Aşağı Quşçu kəndinin əsas küçəsində tez-tez qəzaların baş verdiyi bildirilir.
Gencexeber.az-a müraciət edən vətəndaşların sözlərinə görə, qəza riskini artıran əsas amillərdən biri köməkçi yoldan əsas yola çıxan sürücülərin hərəkətdə olan avtomobilləri vaxtında görə bilməməsidir. Park edilən avtomobillər sürücülərin görmə sahəsini məhdudlaşdırır.
Belə ki, köməkçi yoldan çıxan sürücülər əsas yolda hərəkət edən nəqliyyat vasitələrini görmək üçün avtomobillərini irəli sürməli, nəticədə yolun hərəkət hissəsinə çıxmalı olurlar. Bu isə həm köməkçi yoldan çıxan, həm də əsas yolla hərəkət edən sürücülər üçün təhlükəli vəziyyət yaradır. Görmə məhdudiyyəti səbəbindən nəqliyyat vasitələri bir-birini son anda görə və toqquşma riski ilə üzləşə bilirlər.
Vətəndaşlar aidiyyəti qurumlardan ərazidə yol hərəkəti təhlükəsizliyinin təmin olunması üçün müvafiq tədbirlərin görülməsini xahiş edirlər. Onlar yolayrıcında nəqliyyatın hərəkətinin tənzimlənməsi, zərurət yaranarsa, işıqfor və ya digər tənzimləyici vasitələrin quraşdırılması, eləcə də yol nişanlarının yerləşdirilməsi imkanlarına baxılmasını xahiş edirlər.